2019-cu il oktyabr ayının 17 və 18-19 tarixlərində Bakı şəhərində "Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi" və Neonatologiya üzrə Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Təlim Kursu keçiriləcəkdir. Yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması, bu xidmətdə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi və digər məsələlərin həyata keçirilməsi bu beynəlxalq tədbirlərin əsas məqsədidir.
Bulvar Otelində təşkil olunacaq konfransda kliniki neonatologiyada müasir nəzəri və praktiki yanaşmalar, neonatologiya sahəsində ən son elmi tədqiqatların nəticələri müzakirə olunacaqdır. Azərbaycan həkimləri ilə yanaşı Türkiyə Cümhuriyyəti, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Gürcüstan Respublikası, İordaniya Krallığı və digər ölkələrin aparıcı alimləri və mütəxəsisləri iştirak edəcəklər.
Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresin əsas məqsədi dünya üzrə qabaqcıl, aparıcı mütəxəsislər, tədqiqatçılar və klinisistlər arasında əməkdaşlıq əlaqələrini qurmaq, bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin inkişafı üçün bilik və bacarıqların mübadiləsi üçün uzunmüddətli platforma yaratmaqdır. Konqres neonatologiya sahəsində çalışan aparıcı mütəxəsislərin əldə etdiyi son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinə yönəlmiş çıxışları və praktik vərdişlərin nümayişi formatında keçiriləcək, tanınmış alimlərin 20-ə yaxın mühazirələri dinlənəcək, ekspert müzakirələr aparılacaq.